Növbəti köç karvanı Ağdərəyə çatıb | YENİLƏNİB

Növbəti köç karvanı Ağdərəyə çatıb |  YENİLƏNİB
  30 Yanvar 2026    Oxunub:1736
Ağdərə rayonunun Həsənriz kəndinə 52 nəfər köçürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, sakinlərə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib.

O deyib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Torpağına qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır.

Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

* * *


13:38
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə yola salınıb.

AzVision.az xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 10 ailə (52 nəfər) Tərtər rayonu ərazisindən yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AzVision.az


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti